Bakıda mənzil və torpaq qiymətləri artmaqda davam edir. Son vaxtlar isə şəhərətrafı qəsəbələrə maraq daha da yüksəlib. Ekspertlər hesab edir ki, bu tendensiya qarşıdakı illərdə də davam edəcək.
Bu gedişlə, 5-6 ildən sonra Bakıda ev almaq orta gəlirli insanlar üçün mümkünsüz olacaq? Gələcəkdə ev sahibi olmaq daha da çətinləşəcək?
Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, bu problem təkcə Bakıya aid deyil, dünyanın əksər meqapolislərində müşahidə olunur:
“Məsələn, Moskvada 20 il əvvəl də mənzil əlçatanlığı ciddi problem hesab edilirdi. Lakin ötən müddətdə vəziyyət daha da mürəkkəbləşib və bu gün mənzil əldə etmək əvvəlkindən çətindir. Bakı da artıq meqapolisə çevrilməkdədir. Şəhərə əhalinin axını, artan tələbat və yaşayışa olan ehtiyac daşınmaz əmlak bazarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olur. Təklif tələbi ödəmədiyi üçün qiymətlər vətəndaşların gəlirlərindən daha sürətlə artır. Şəhər ətrafı ərazilərdə hələlik müəyyən qədər torpaq sahələri və fərdi yaşayış evlərinin tikintisi üçün imkanlar mövcuddur. Bununla yanaşı, bazarda satışa çıxarılan yeni mənzillər də var. Lakin əsas problemlərdən biri sənədsiz evlərin çoxluğudur. Hesab edirəm ki, bu məsələ zamanla həllini tapacaq. Həmin evlər sənədləşdirildikdən sonra onların ipoteka predmetinə çevrilməsi də mümkün olacaq ki, bu da bazara müəyyən müsbət təsir göstərəcək”.
Ekspert bildirib ki, daşınmaz əmlakın əlçatanlığı getdikcə azalır və qiymətlər vətəndaşların alıcılıq qabiliyyətini üstələyir:
“Əgər yaxın iki-üç il ərzində genişmiqyaslı tikinti layihələri həyata keçirilməzsə, bazarda mövcud problemlər bir az da dərinləşəcək. Eyni zamanda, şəhər daxilində boş torpaq sahələrinin və fərdi yaşayış evləri üçün yararlı ərazilərin azalması qiymət artımını sürətləndirəcək. Bu səbəbdən hesab edirəm ki, yaxın üç ildə daşınmaz əmlakın bahalaşması demək olar ki, qaçılmazdır”.
Ekspertin sözlərinə görə, problemin əsas həll yollarından biri tikinti sektorunda təklifin artırılmasıdır:
“Müşahidələr göstərir ki, son on il ərzində tikinti həcmləri əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Tikinti üçün verilən icazələrin məhdud olması bazarda yeni mənzillərin sayını azaldır və nəticədə qıtlıq yaradır. Buna görə də hesab edirəm ki, tikinti şirkətlərinə daha çox layihənin həyata keçirilməsinə şərait yaradılmalı, bazarda rəqabət artırılmalıdır. Təklif artdığı halda qiymətlər üzərində təzyiq müəyyən qədər azalacaq və bazarda nisbi sabitlik yaranacaq. Yalnız bu halda daşınmaz əmlak bazarında qiymət artımının tempini zəiflətmək mümkün ola bilər”.
Mənbə: publika.az