Kriptovalyuta bazarı bugün növbəti geosiyasi sınaqla üz-üzə qalıb. ABŞ və İran arasında hərbi gərginliyin Hörmüz boğazı ətrafında kəskinləşməsi (ABŞ hərbi helikopterinin vurulması və ardınca CENTCOM-un cavab zərbələri) qlobal maliyyə bazarlarında riskdən qaçış rejimini gücləndirib.
Nəticədə aparıcı kriptovalyuta olan Bitcoin (BTC) son qısamüddətli yüksəlişini sürətlə itirərək Bakı vaxtı ilə səhər saatlarında 3% itki ilə 61 375,5 dollar səviyyəsinə enib və gün ərzində 61 min dollar sərhədinə qədər sıxılıb.
Müharibənin gətirdiyi neft və inflyasiya riskləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyun ayında faiz endirimi ehtimalını sıfıra endirib, hətta sentyabr ayında növbəti faiz artımı ssenarilərini gündəmə gətirib. Faizlərin uzun müddət yüksək qalacağı qorxusu investorları Bitcoin kimi riskli aktivlərdən çıxararaq ABŞ istiqrazlarına və nağd dollara yönəldir.
Bəs bitcoinin ucuzlaşması hansı səviyyəyə qədər davam edə bilər?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli deyib ki, bitcoin və coinlər xəbər axınına və siyasi bəyanatlara hesablanmış alver alətidir:
“Ona görə də bu məsələdə qazanlanlar da olur. Doğrudur, itirənlər daha çox olur. Amma itirənlər haqqında danışılmır. Mən hesab edirəm ki, bitcoin mənasız bir alver aktividir. Ona görə də dünyada bitcoin və coinlər barədə requlyativ aktlar sərtləşir. Sərtləşdikcə də qiymətlər aşağı düşür.
Bitcoinin özəlliyi anonimliyində idi. İndi ölkələr onun anonim qalmasını istəmirlər. Hətta Avropa Birliyi coinlərlə bağlı əməliyyatların dayandırılmasını tələb edir. Çünki Rusiya anonimlik vasitəsilə sanksiyalardan yan keçir. Ona görə də coin sistemini dərin tənəzzül gözləyir”.
Surxay Atakişiyev
Mənbə: bizim.media