Əmlak sahiblərinin 90 faizi bundan yayınır... – İldə cəmi 50 manat ödəmək kifayətdir

Əmlak sahiblərinin 90 faizi bundan yayınır... –

Təbii fəlakətlərdən qaçmaq mümkün deyil. İstər zəlzələ, istər torpaq sürüşməsi, daşqın və güclü külək insanlara, onların təssəərrüfatı ilə yanaşı, əmlaklarına, mənzillərinə ziyan vurur. Son zamanlar təbii fəlakətlərin çoxalması daşınmaz əmlakın sığortalanmasını aktual edib. Çünki sığorta olunan ev, avtomobil və digər əmlaka dəyən zərər sığorta şirkəti tərəfindən ödənilir.

Azərbaycanda da bunun şərtləri mövcuddur. Lakin statistikaya görə, ölkəmizdə daşınmaz əmlakların cəmi 8-10%-i sığortalanıb. Bununsa bir çox səbəbi var, bura mənzillərin sənədinin olmaması, insanların buna o qədər də maraq göstərməməsi və sığorta haqqı daxildir.

Mövzu ilə bağlı danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, əsasən, avtomobil icbari sığorta növü daha çox satılır.

Onun sözlərinə görə, vətəndaşlar digər sığorta növlərinə az maraq göstərirlər:

“Bakı şəhərində daşınmaz əmlakın illik sığorta haqqı 50 manat, Gəncə, Naxçıvan, Sumqayıtda 40 manat, digər şəhər və rayonlarda isə illik sığorta haqqı 30 manatdır. Son zamanlar, yəni mart ayından başlayaraq yağan intensiv yağışlar, güclü külək nəticəsində əmlaklara ciddi ziyan dəyib. Bununla bağlı vətəndaşların müraciətlərinin sayı artıb. Çünki kifayət qədər zərərçəkən və sığortasız əmlak sahibləri var. Onlar əmlaklarını sığortalamaq lazım olduğunu hesab etdikləri üçün müraciət sayında artımı görürük”.

Ekspert bildirib ki, burada psixoloji məqam da rol oynayır:

“Məsələ odur ki, psixoloji olaraq insanlar düşünür ki, indiyədək heç bir hadisə baş verməyibsə, bundan sonra da baş verməyəcək. Təhlükəni görəndə isə sığortanın vacib olduğunu düşünürlər. Yaxın vaxtlarda buna inam və maraq daha da artacaq. Çünki zərərçəkən vətəndaşlar istənilən halda ödəniş əldə edir və bu da sığorta şirkətlərinə inam olduğunu, bu kimi hadisələrdən sığortalanmağın mümkünlüyünü göstərir. Daşınmaz əmlakını sığortalayan şəxslər yanğın, partlayış, subasma, təbii fəlakətlər nəticəsində dəymiş zərərləri qarşılamış olurlar”.

Onun sözlərinə görə, artıq subasma kimi regionlar üçün xarakterik hesab edilən təbiət hadisələri Bakıda da baş verə bilər.

Günay Şahmar

Mənbə: bizim.media