Yaxşı sürücü olmaq istəyən hər kəs peşəkar bacarıqlara yiyələnmək üçün təlim kursları ilə yanaşı həm də uyğun təlim meydançası axtarır. Çünki müasir şəhər həyatında avtomobil idarə etməyi bacarmaq hər adamın işi deyil. Sürücülük vərdişlərinin düzgün və təhlükəsiz şəkildə formalaşdırılması isə həm təlim prosesinin keyfiyyətindən, həm də rahat məkandan birbaşa asılıdır. Bu baxımdan təlim meydançaları sürücülüyə yeni başlayanların təhlükəsiz şəraitdə avtomobili idarə etməyi öyrənmələri üçün vacibdir.
Son zamanlar isə fərdi sürücülük kursları təhlükəsizlik məsələslərinə sanki barmaqarası baxırlar. Hər halda sükan arxasına yeni keçən, əyləclə qaz pedalını səhv salan yeni başlayanların birbaşa magistral yola çıxarılması özləri ilə yanaşı digər sürücüləri də çaşdırır. Avtomobillərin üstünə “təlim” yazmaq, təhlükədən sığortalamır.
Sükanı ilk dəfə tutanlara şəhərin ortasında maşın sürdürmək doğrudurmu?
Mütəxəssislər də deyirlər ki, yeni başlayan sürücünün birbaşa əsas yollara çıxarılması doğru metod deyil. Nəqliyyat üzrə ekspert Ramil Əkbərovun Bizim.Media-ya açıqlamasına görə, təlim prosesi mərhələli şəkildə aparılmalıdır:
“Yeni sürücülər öncə qapalı meydançada avtomobili idarə etməyə başlamalıdırlar. Sükan, əyləc və digər hissələri idarə etməyə yiyələndikdən sonra parketməni öyrənib tədricən az hərəkətli küçələrdə sürməlidirlər. Daha sonra orta intensivlikli şəhər yolları, ardınca isə magistral və əsas yollara keçid ala bilərlər.
Lakin praktikada Bakı kimi sıx bir şəhərdə bəzi təlimçilər 1-2 dərsdən sonra şagirdi əsas yollara çıxarırlar. Təlimçinin əlavə pedalları olan təlim avtomobili olsa belə, bu metod normal hesab edilə bilməz. Sükan və pedallara hələ tam nəzarət edə bilməyən adamı sıx hərəkətli prospektə çıxarmaq təhlükəlidir”.
Qeyd edək ki, Bakı və Sumqayıt kimi böyük şəhərlərdə təlim meydançaları, onların yerləşdiyi ərazilərin olub-olmaması maraq doğurur. Sürücülüyü öyrənmək istəyənlər belə yerlərlə bağlı daim suallar verirlər.
Diqqətə çatdıraq ki, əsasən Zığ-Hövsan istiqamətində yerləşən “DRIVESHOWBAKU” və “Test and Training” Azerbaijan geniş qapalı və xüsusi təlim sahələri təklif edir. Bundan əlavə, Sumqayıtda da avtomatlaşdırılmış praktiki imtahan meydançası mövcuddur.
Şəfiqə Şəfa
Mənbə: bizim.media