Şəxsi yazışmaların məxfiliyi müasir dövrdə həm hüquqi, həm də etik baxımdan xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal platformaların geniş istifadəsi ilə birlikdə başqasına məxsus mesajlara icazəsiz daxilolma halları da daha çox müzakirə mövzusuna çevrilib. Hüquq mütəxəssisləri belə addımların qanunvericilikdə ciddi məsuliyyət yaratdığını bildirirlər.
Bəs başqasının şəxsi mesajlarını icazəsiz oxumaq hansı hallarda cinayət məsuliyyəti yaradır?
Məsələ ilə bağlı Hüquqşünas Fərhad Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində kompüter sistemlərinə qanunsuz müdaxilə və şəxsi məlumatların qorunması ilə bağlı bir neçə əsas maddə nəzərdə tutulur:
“Belə ki, 271-ci maddəyə əsasən, kompüter sisteminə və ya onun hər hansı hissəsinə daxil olmaq hüququ olmadan, mühafizə tədbirlərini pozmaqla (məsələn, parolu sındırmaq və ya gizli şəkildə ələ keçirmək yolu ilə) daxil olmaq cinayət hesab olunur. Bu əmələ görə 2000 manatdan 4000 manatadək cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmçinin, ağırlaşdırıcı hallar üzrə daha sərt məsuliyyət tətbiq oluna bilər. 156-cı maddəyə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, o cümlədən sənədlərin, foto və video materialların, səs yazılarının qanunsuz toplanılması, saxlanılması və ya yayılması cinayət sayılır. Bu əməllərə görə cərimə, ictimai işlər və ya bir ilədək islah işləri tətbiq edilə bilər”.
O deyib ki, 155-ci maddəyə əsasən isə yazışma, telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrinin pozulması cinayət məsuliyyəti yaradır:
“Bu halda da cərimə və ya bir ilədək islah işləri nəzərdə tutulur. Ümumilikdə, Cinayət Məcəlləsi bu sahədə üç əsas istiqamətdə məsuliyyət müəyyən edir. Buna kompüter sisteminə qanunsuz giriş, şəxsi və ailə həyatının sirrinin pozulması, eləcə də rabitə məlumatlarının gizliliyinin pozulması aiddir. Zərər çəkmiş şəxslər həmçinin mülki qaydada maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilərlər”.
Leyla Turan
Mənbə: demokrat.az