Sığorta haqqları toplanan, ancaq ödəniş edilməyən - SIĞORTA NÖVLƏRİ

Sığorta haqqları toplanan, ancaq ödəniş edilməyən - SIĞORTA NÖVLƏRİ

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.

Bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə bir sıra sığorta növü üzrə 30 milyon manatdan çox sığorta haqqı toplanmasına baxmayaraq, həmin sahələr üzrə bir manat da olsun ödəniş edilməyib. Maraqlıdır ki, ödənişi olmayan bütün bu sığorta növləri istisnasız olaraq qeyri-həyat sığortası kateqoriyasına aiddir.

Bu sahədə ən çox diqqətçəkən növ hava nəqliyyatı vasitələrinin könüllü sığortasıdır. Şirkətlər bu istiqamətdə 14 milyon 175 min manat yığım əldə etsələr də, ödənişləri olmayıb.

Ödənişlərin tamamilə sıfırlandığı digər iri həcmli qeyri-həyat növləri su nəqliyyatı ilə bağlıdır. Belə ki, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə 2 milyon 152 min manat, su nəqliyyatı vasitələrinin könüllü sığortası üzrə isə 2 milyon 211 min manat yığım olsa da, ödənişlər qeydə alınmayıb.

Siyahıya həmçinin yığım həcmi daha kiçik olan, lakin ödənişləri tamamilə olmayan bir sıra digər qeyri-həyat sığorta növləri də daxildir. Bunların arasında hava nəqliyyatı məsuliyyət sığortası (3 milyon 776 min manat yığım), mülki-hüquqi müqavilə üzrə məsuliyyət sığortası (545 min manat yığım), işəgötürənin məsuliyyət sığortası (595 min manat yığım) və digər icbari sığorta növləri (40 min manat yığım) də var.

Sığorta ödənişi edilməyən sığorta siniflərin üzrə toplanmış məbləğlər aşağıdakı kimidir:

Sığorta Növünün Adı

Yığımlar (2025)

Hava nəqliyyatı vasitələrinin könüllü sığortası

14 175

Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası

3 776

Su nəqliyyatı vasitələrinin könüllü sığortası

2 211

Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası

2 152

İşəgötürənin məsuliyyətinin könüllü sığortası

595

Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin könüllü sığortası

545

Qarışıq maliyyə risklərinin könüllü sığortası

475

İşin dayanması ilə bağlı risklərdən könüllü sığorta

475

İşçilərin dələduzluğu könüllü sığortası

160

Pul və pul sənədlərinin saxtalaşdırılmasından könüllü sığorta

75

Dəmiryol nəqliyyatı vasitələrinin könüllü sığortası

48

Digər icbari sığorta növləri

40

Mənbə: fed.az