Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi istiqamətlərindən biri də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhəridir. Lakin Dubayda bir sıra qeyri-adi qadağalar və cərimələr mövcuddur.
Dubayda qarşılaşa biləcəyini qadağaları və cərimələri təqdim edirik:
Metropolitendə saqqız çeynəmək
Dubayda metroda hər cür qida, içki və saqqız qadağandır. Bu qayda qatarlarda təmizliyi qorumaq məqsədilə qoyulub. Saqqız çeynədiyinizə görə hətta 100 AED (47 manat) cərimələnə bilərsiniz. Ona görə də metroya daxil olmamışdan əvvəl saqqızı tullayın və ya səfərdən sonra çeynəməyi düşünün.
Çirkli avtomobil idarə etmək
Əgər nəqliyyat vasitəsini çirkli halda idarə edirsinizsə, 500 AED-dən (235 manat) başlayan cərimə ilə üzləşə bilərsiniz. Dubay rəsmiləri təkcə nömrələrin görünməməsi məsələsinə deyil, həm də şəhərin imicinə önəm verir və çirkli maşınlarla hərəkətə qarşı çıxırlar.
Nəqliyyat dayanacaqlarında yatmaq
Yollar və Nəqliyyat İdarəsi (RTA) platformalarda və dayanacaqlarda yatmağı qadağan edib. Bu qaydanı pozanlar 300 AED (141 manat) cərimə oluna bilər.
Ayaqları oturacaqlara qoymaq
BƏƏ-də ictimai nəqliyyatda ayaqları yerə qoymaq tələb olunur. Əgər ayaqlarınızı oturacağın üzərinə qaldırsanız, 100 AED (47 manat) cərimə edilə bilərsiniz.
İctimai yerlərdə fotoşəkil çəkmək
Dubayda dövlət binalarının, eləcə də insanların onların razılığı olmadan şəkillərini çəkmək qadağandır. Əgər bu şəkilləri sosial şəbəkələrdə paylaşsanız və kiminsə şikayəti olsa, 150 000-dən 500 000 AED-ə (70500 – 235000 manat) qədər cərimələnə bilərsiniz.
Avtomobili ictimai yerdə yumaq
Dubayda avtomobili ictimai yerlərdə yumağa görə 100 AED-dən başlayan cərimə tətbiq olunur. Bu qayda küçələrin təmizliyini qorumaq və suyun yığılmasının qarşısını almaq məqsədilə qüvvədədir. Ən yaxşısı rəsmi avtomobil yuma məntəqələrinə müraciət edin.
Mənbə: bizim.media