“Ermənistan süni intellekt üçün qlobal mərkəzə çevrilir”. Bunu “Dell Technologies” şirkətinin təsisçisi Maykl Dell bildirib.

Maykl Dell bu barədə LinkedIn səhifəsində yazıb. “Ermənistan süni intellekt üçün qlobal mərkəzə çevrilir. Biz Firebird AI ilə tərəfdaşlığımızı genişləndirməkdən, Ermənistana daha böyük güc və dünya səviyyəli hesablama resursları gətirməkdən və dünyada innovasiyanın inkişafına töhfə verməkdən məmnunuq”, - deyə o, noyabrın 20-də elan edilən Firebird AI ilə tərəfdaşlığa istinadla yazıb.
Məlumat üçün bildirək ki, Firebird AI – Hrazdan ABŞ texnologiyaları və NVIDIA prosessorları əsasında böyük süni intellekt hesablama mərkəzi var. Habelə, Eleveight AI – Qaqarin: NVIDIA Blackwell texnologiyasından istifadə edən AI fabriki mövcuddur. Ən nəhayət, Aznavour superkompüteri - İrəvan Dövlət Universitetinin elmi və tədqiqat imkanlarının gücləndirilməsi üçün fəaliyyətdədir. Ermənistanın yüksək texnologiyalar nazirliyinin məlumatına görə, Firebird layihəsinin birinci mərhələsi 500 milyon dollar, növbəti mərhələləri isə ümumilikdə təxminən 4 milyard dollar investisiya nəzərdə tutur.
Doğrudanmı Ermənistan süni intellekt üçün qlobal mərkəzə çevrilir? Azərbaycana hər hansı təhlükə varmı, gözlənilirmi?

Siyasi ekspert Ramiyə Məmmədova Musavat.com-a deyib ki, Ermənistan ABŞ üçün yalnız Cənubi Qafqazda siyasi tərəfdaş deyil, həm də texnoloji infrastruktur tərəfdaşına çevrilə bilər. Azərbaycanın bunu nəzərə almasını vacib sayan ekspert vurğulayıb ki, ABŞ-ın texnoloji investisiyalarının və strateji diqqətinin regionda qeyri-bərabər bölüşdürülməsi riski göz qabağındadır: "Ermənistan beynəlxalq şirkətlərə hesablama gücü təqdim edə bilsə, özünü Qərb üçün daha əhəmiyyətli texnoloji tərəfdaş kimi təqdim edəcək. Azərbaycan bu sahədə rəqabət aparmasa, regional texnoloji istedadların cəlb edilməsində geri qala bilər. Ermənistan bu sahədə regional üstünlük qazansa, Azərbaycan da öz rəqəmsal müstəqilliyini və texnoloji imkanlarını gücləndirməli olacaq. Amma Azərbaycan da bu istiqamətdə hərəkətsiz deyil. Ölkənin 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası mövcuddur. Ancaq strategiyanın mövcudluğu ilə onun real nəticələr verməsi eyni şey deyil".
Ekspert əlavə edib ki, Azərbaycan üçün ən böyük təhlükə Ermənistanın AI mərkəzi tikməsi deyil: "Əsas təhlükə Azərbaycanın bu texnoloji keçiddə geridə qalmasıdır. Azərbaycanın enerji resursları, coğrafi mövqeyi, nəqliyyat dəhlizləri və investisiya imkanları ciddi üstünlüklər yarada bilər. Bakı özünü Xəzər hövzəsi və Mərkəzi Asiya üçün enerji ilə təmin olunan süni intellekt, bulud texnologiyaları və məlumat emalı mərkəzinə çevirməlidir. Sadəcə, Ermənistana dəstəyin səbəbi var. Çünki Rusiya bu ölkədə güclü təsirə malik olub. Lakin son illərdə İrəvan xarici siyasət və iqtisadi tərəfdaşlıqlarını şaxələndirməyə çalışır. ABŞ üçün Ermənistanın Qərb texnologiyalarına inteqrasiyası Rusiyanın regiondakı ənənəvi təsirinin azalmasına xidmət edə bilər".
Mənbə: musavat.com