“Telegram” messencerinə fərdi tövsiyələri ehtiva edən xəbər lenti əlavə edilə bilər.
Bu barədə “Kod.ru” nəşri məlumat verib.
Bildirilib ki, yeni funksionallıq barədə qeydlər messencerin “macOS” üçün nəzərdə tutulmuş beta versiyasının kodunda aşkar edilib. Lent iki bölməyə bölünəcək: “Əlavə edilənlər” və “Sizin üçün”. Birinci halda istifadəçilər seçimi özləri formalaşdıracaqlar, ikinci halda isə seçim tövsiyələr əsasında aparılacaq.
Məqalədən aydın olur ki, lentdə axtarış, yeni postların sayğacı, aşağı sürüşdürməklə yeniləmə və oxunma haqqında qeyd nəzərdə tutulacaq. Eyni zamanda oradan birbaşa posta, kanala və ya çata keçmək mümkün olacaq, — deyə jurnalistlər qeyd ediblər.
İyul ayında “Telegram”ın təsisçisi Pavel Durov messencerdə yaxın vaxtlarda şəxsi kripto-pulqabının peyda olacağını elan etmişdi. Onun sözlərinə görə, yeni pulqabı “Gram” adını alacaq və messencerin hər bir tətbiqində əlçatan olacaq. İddia edildiyinə görə, bu texnologiya bir milyarddan çox istifadəçiyə komissiyasız anında kriptovalyuta əməliyyatları həyata keçirməyə imkan verəcək.
Hüseyn İbadlı
Mənbə: publika.az