Həddindən artıq acı qida sevənlərin nəzərinə! - Həkim xəbərdarlıq etdi

Həddindən artıq acı qida sevənlərin nəzərinə! - Həkim xəbərdarlıq etdi

Həddindən artıq acı qidaların müntəzəm və çox miqdarda qəbul edilməsi mədə-bağırsaq sistemini qıcıqlandıra, bəzi məlumatlara görə isə mədə və qida borusu xərçəngi riskini artıra bilər.

Bunu cərrah Aleksandr Umnov açıqlayıb.

Həkimin sözlərinə görə, sağlam insanlar üçün təzə çilinin gündəlik təhlükəsiz miqdarı təxminən 5-10 qram, üyüdülmüş qırmızı bibər üçün isə yarım çay qaşığıdır. Mağazada satılan acı souslarda bibərlə yanaşı çoxlu duz, sirkə, şəkər və konservantlar olduğundan onların istifadəsi daha məhdud olmalıdır. Umnov belə souslardan bir gündə bir neçə çay qaşığından çox istifadə etməməyi və hər gün qəbul etməməyi tövsiyə edib.

O qeyd edib ki, az miqdarda təbii acı bibərin tərkibindəki kapsaisin hətta faydalı ola bilər. Lakin acı qidaların sistematik şəkildə həddindən artıq qəbulu mədə yanması, ishal, qarın ağrısı və mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Xüsusilə qastrit, xora, reflüks, pankreatit və kolitdən əziyyət çəkənlər daha diqqətli olmalıdır.

Həkim vurğulayıb ki, acı bibərin özü əvvəldən mövcud olmayan mədə xorasına səbəb olmur, lakin mövcud problemləri ağırlaşdıra bilər. Onun sözlərinə görə, yüksək dozada kapsaisinin uzun müddət istifadəsinin mədə və qida borusu xərçəngi riskini artıra biləcəyinə dair məlumatlar var, aşağı dozaların isə əksinə, qoruyucu təsir göstərə biləcəyi bildirilir.

Umnov acı qidaları acqarına qəbul etməməyi, mədə-bağırsaqla bağlı şikayətlər yarandıqda isə acı qidalardan uzaq duraraq qastroenteroloqa müraciət etməyi tövsiyə edib.

Ləman

Mənbə: publika.az