“Çelsi”nin baş məşqçisi Xabi Alonso İngiltərə Premyer Liqasının son turunda “Nottingem Forest”ə 2:3 hesabı ilə məğlubiyyətdən sonra komandasının vəziyyətini dəyərləndirib.
İspaniyalı mütəxəssis komandasının hazırda çətin mərhələdən keçdiyini etiraf edib.
Alonso məğlubiyyətin səbəblərindən danışarkən bildirib ki, futbolçular hesabı qorumaqda çətinlik çəkirlər və müdafiədə yol verilən səhvlər komandanın vəziyyətini daha da ağırlaşdırır.
“Çox şey istədiyimiz kimi getmədi. Hesabı qorumaqda çətinlik çəkirik. Üçüncü qolu buraxmağımız işimizi xeyli çətinləşdirdi. Hazırda möhkəmlik və özünəinam baxımından ağır dövrdən keçirik. Çıxış yolu tapmaq üçün çalışmalıyıq. Özünəinamı yenidən qazanmağın yeganə yolu budur”, – deyə o bildirib.
Baş məşqçi futbolçuların birliyinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxmaq üçün komandanın bütün üzvləri bir-birinə dəstək olmalıdır.
Alonso qeyd edib ki, uğur qazanmaq üçün tələb olunan keyfiyyət, düşüncə tərzi və mübarizə əzmi komandanın öz daxilindən gəlməlidir. O, çətinliklərə baxmayaraq, işləməkdən və yenidən cəhd etməkdən başqa yol görmədiyini söyləyib.
Qeyd edək ki, “Nottingem Forest”lə görüşdə meydan sahiblərinin qollarını İqor Jezuş və Morqan Gibbs-Uayt (2) vurub. “Çelsi”nin heyətində isə Emmanuel Emeqa dubl edib.
Bu məğlubiyyətdən sonra 16 xalda qalan London təmsilçisi Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Nottingem Forest” isə xallarının sayını 12-yə çatdıraraq 14-cü sıraya yüksəlib.
Mənbə: publika.az