Mbappenin Mao Zedunla bağlı memi Çində iki şirkətlə əməkdaşlığına son qoymasına səbəb olub.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, Çinin enerji içkiləri istehsalçısı "DongPeng" və süd məhsulları istehsalçısı "Mengniu" Fransa millisinin və "Real Madrid"in futbolçusu Kilian Mbappe ilə reklam əməkdaşlığını dayandırıb.
Şirkətlərin bu qərarına futbolçunun Çin xalqının milli hisslərini təhqir etdiyi iddia olunan açıqlaması səbəb olub.
"DongPeng" şirkəti bəyanatında milli hissləri incidən hərəkətlərə qarşı "sıfır tolerantlıq" siyasəti yürütdüyünü bildirib və Mbappe ilə bütün əməkdaşlığın dayandırıldığını açıqlayıb. "Mengniu" da Çin xalqının hisslərini təhqir edən söz və hərəkətlərə qarşı olduğunu bəyan edərək futbolçu ilə müqavilələrə xitam verdiyini bildirib.
Qeyd edək ki, Mbappe daha əvvəl müsahibəsində sevimli meminin üzünün qrafik redaktə vasitəsilə Çinin keçmiş lideri Mao Zedunun simasına yerləşdirildiyi görüntü olduğunu söyləyib. Sosial şəbəkələrdə futbolçuya "Diktator" ləqəbi də verilib. Bu ifadə azarkeşlərin onun "Real Madrid"də və Fransa millisində baş verən proseslərə təsirinə dair zarafatlarından qaynaqlanır.

Mənbə: oxu.az