Fransa milli komandasının yeni baş məşqçisi Zinəddin Zidan komandanın iş formatını dəyişdirmək və oyunçular təlim-məşq toplanışına gələnə qədər mediaya çıxışı məhdudlaşdırmaq qərarına gəlib.
“RMC Sport”un məlumatına görə, jurnalistlərə və fotoqraflara oyunçuların milli komandanın təlim-məşq toplanışına gəlişini işıqlandırmaq qadağan edilib.
Əvvəlki illərdə futbolçuların gəlişi tez-tez bir növ moda nümayişinə çevrilirdi. Xüsusilə müdafiəçi Jül Kundenin qeyri-adi geyimləri diqqət çəkirdi.
Zidan bu ənənədən imtina etmək qərarına gəlib. Məşqçilər heyəti təlim-məşq toplanışının ilk günlərində medianın diqqətini minimuma endirməyi və futbolçuların oyun hazırlığına yönəltməyi hədəfləyir.
Mənbə: publika.az