Qazaxıstan tarixində ilk - UEFA Superkuboku Astanada keçiriləcək

Qazaxıstan tarixində ilk -

2028/2029-cu illər mövsümü üzrə UEFA Çempionlar Liqasının (ÇL) həlledici final qarşılaşması Barselonanın "Kamp Nou" stadionunda baş tutacaq.

Bu barədə qərar Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin Salonikidə keçirilən iclasında qəbul edilib.

Qitənin ən nüfuzlu klub turnirinin həlledici matçının 2 iyun 2029-cu il tarixində keçirilməsi planlaşdırılır. Məşhur arena Avropanın əsas klub yarışının finalını tarixində üçüncü dəfə qəbul edəcək.

ÇL-in 2027/2028 mövsümünün final oyunu isə Münhendə təşkil olunacaq. Görüşün 27 may 2028-ci ildə keçirilməsi nəzərdə tutulub. "Münhen Arena" da turnirin finalına üçüncü dəfə ev sahibliyi edəcək.

Həmçinin bildirilib ki, UEFA Avropa Liqasının (AL) 2028-ci il finalı Buxarestdə, 2029-cu il finalı isə Belqradda oynanılacaq. UEFA Konfrans Liqasının (KL) 2028-ci il üzrə həlledici matçı Turində, 2029-cu il qarşılaşması isə Budapeştdə baş tutacaq.

2028-ci il UEFA Superkuboku uğrunda görüş isə Astanada baş tutacaq. Qarşılaşma "Astana Arena"da təşkil olunacaq və burada 2027/28-ci illər mövsümünün Çempionlar Liqası ilə Avropa Liqasının qalibləri üz-üzə gələcək. 2027-ci ildə isə UEFA Superkuboku matçı Amsterdamdakı "Yohan Kroyf Arena"da oynanılacaq.

Qeyd edək ki, Qazaxıstan öz tarixində ilk dəfə olaraq Avropa klub turnirinin həlledici kubok matçına ev sahibliyi etmək hüququ qazanıb. 2009-cu ildə istifadəyə verilən "Astana Arena" stadionunun ümumi azarkeş tutumu 30200 nəfər təşkil edir. Bu idman qurğusunda "Astana" futbol klubu və Qazaxıstan millisi ev oyunlarını keçirir.

Mənbə: oxu.az