1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olmuş sabiq futbolçu Emmanuel Peti bütün medallarını, o cümlədən dünya və Avropa çempionatlarında qazandığı mükafatları itirdiyini açıqlayıb.
TASS agentliyinə istinadən xəbər verilir ki, bu barədə o, "Talk Sport" podkastında danışıb.
"Mən dünya kuboku trofeyinin surətini götürüb seyfə qoymuşdum. Eyni şeyi medallarla da etmək istəyirdim. Onları saatlarla axtardım. Dəli olurdum. İngiltərə çempionatının, Fransa çempionatının, ölkə kuboklarının, dünya və Avropa çempionatlarının medalları... Hamısı yoxa çıxıb", - deyə Peti bildirib.
Hazırda 55 yaşı olan Emmanuel Peti Fransa millisinin heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub.
O, "Monako" ilə 1997-ci ildə Fransa çempionu, 1991-ci ildə isə Fransa Kubokunun qalibi adını qazanıb. "Arsenal"ın heyətində isə 1998-ci ildə həm İngiltərə çempionluğunu, həm də İngiltərə Kubokunu qazanıb.
Mənbə: oxu.az