Ukrayna 15 km-lik yeraltı əməliyyat keçirdi – Rusiya ordusuna dəhşətli zərbə

Ukrayna 15 km-lik yeraltı əməliyyat keçirdi – Rusiya ordusuna dəhşətli zərbə

Ukrayna ordusu Xarkov vilayətinin Kupyansk istiqamətində Rusiya qüvvələrinə qarşı qeyri-adi hərbi əməliyyat həyata keçirib.

Ölkə.az xəbər verir ki, ukraynalı hərbçilər yeraltı qaz kəmərləri və kommunikasiya xətləri vasitəsilə 15 kilometrdən çox irəliləyərək Rusiya qoşunlarının arxa mövqelərinə çıxıblar.

“Veles” adlandırılan əməliyyatın nəticələrini Ukrayna Milli Qvardiyasının 2-ci “Xartiya” korpusu açıqlayıb.

Ukrayna tərəfinin məlumatına görə, əməliyyat zamanı Rusiya ordusunun 100-dən çox hərbçisi öldürülüb, 30-dan çox hərbçi isə əsir götürülüb. Bu rəqəmlər müstəqil şəkildə təsdiqlənməyib.

Əməliyyatın əsas xüsusiyyəti yeraltı hücumun yerüstü hərbi əməliyyatlar və pilotsuz uçuş aparatlarının zərbələri ilə eyni vaxtda həyata keçirilməsi olub. Bununla Rusiya qüvvələri iki istiqamətdən hücuma məruz qalıb.

“Xartiya” korpusunun komandiri, briqada generalı İqor Obolenski bildirib ki, Rusiya ordusu əvvəllər qaz kəmərlərindən Ukrayna müdafiəsinin arxasına keçmək üçün istifadə edirdi.

“Biz onların təcrübəsini öyrəndik, öz taktikaları ilə onları qabaqladıq və bu təhlükəni əks-hücum üstünlüyünə çevirdik”, – deyə general vurğulayıb.

Əməliyyat zamanı hərbçilər GPS və sabit rabitənin işləmədiyi yeraltı şəraitdə xüsusi naviqasiya və əlaqə texnologiyalarından istifadə ediblər.

Əməliyyatla bağlı daha bir diqqətçəkən məlumatı “The Wall Street Journal” yayıb. Nəşrin məlumatına görə, Ukrayna hərbçiləri Rusiya qüvvələrinin yeraltı istehkamlarını dağıtmaq üçün partlayıcı daşıyan yerüstü robotlardan və məsafədən idarə olunan pulemyotlardan da istifadə ediblər.

Oktyabrın 26-da əməliyyatın iştirakçılarından Yuri Butusov bildirib ki, Rusiya hərbçiləri qaz kəmərlərinin daxilində barrikadalar, döyüş mövqeləri və anbarlar yaratmışdılar. Ukrayna qüvvələri həmin mövqelərin bir hissəsini mühasirəyə alaraq ələ keçirib.

Ukrayna komandanlığı “Veles” əməliyyatını dünyada ilk genişmiqyaslı yeraltı əks-hücum əməliyyatı kimi təqdim edir.

Qeyd edək ki, dünya hərb tarixində buna bənzər yeraltı hücum əməliyyatları əvvəllər də həyata keçirilib.

1917-ci il – Birinci Dünya müharibəsi: Britaniya ordusu Belçikada alman mövqelərinin altına 19 mina yerləşdirərək nəhəng partlayışlarla hücuma keçib.

1960-cı illər – Vyetnam müharibəsi: Vyetkonq döyüşçüləri yüzlərlə kilometrlik yeraltı tunellərdən istifadə edərək ABŞ qüvvələrinə qəfil hücumlar təşkil ediblər.

2023-cü ildən – Qəzza: HƏMAS yeraltı tunellərdən hərbçilərin gizli hərəkəti və İsrail qüvvələrinə hücumlar üçün istifadə edib.

Mənbə: olke.az