Oleşkidə atəşkəs qüvvəyə mindi

Oleşkidə atəşkəs qüvvəyə mindi

Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində atəşkəs rejimi qüvvəyə minib. 

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets məlumat yayıb. 

Onun sözlərinə görə, humanitar missiya ilə bağlı müəyyən ərazilərdə atəşkəs rejimi oktyabrın 27-də, Kiyev vaxtı ilə saat 03:00-da, Moskva vaxtı ilə isə saat 04:00-da başlayıb.

Rusiyanın Müdafiə Nazirliyi də atəşkəs rejiminin qüvvəyə mindiyini təsdiqləyib.

Lubinets atəşkəs rejimininin Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova ilə birgə, ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi və koordinasiyası ilə həyata keçirilən humanitar missiya çərçivəsində baş tutduğunu qeyd edib və tərəflərin əldə olunan razılaşmalara riayət etdiklərini söyləyib.

Ukraynalı Ombudsman atəşkəs rejiminin gedişi barədə ictimaiyyəti məlumatlandıracağını da vəd edib.

Xatırladaq ki, Rusiya və Ukrayna oktyabrın 23-də Xerson vilayətinin Oleşki şəhərində lokal atəşkəslə bağlı razılığa gəliblər. Atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə edilib.



Mənbə: qafqazinfo.az