Günün müxtəlif saatlarında isə Mingəçevir şəhəri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalır. Raketlər ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilir.
Ön cəbhədə isə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Ordusu düşmənin cavabını yenə də döyüş meydanında verir. Gecə ərzində ordumuzun həyata keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də beş ədəd T-72 tankı, altı ədəd D-20 və D-30 haubitsası, beş ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, üç ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, beş ədəd "Qvozdika 2S1" özüyeriyən haubitsası, səkkiz ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilir və sıradan çıxarılır. Canlı qüvvə sarıdan da xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini, polkovnik-leytenant Artak Vanyan da olur.
Erməni silahlı qüvvələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərir. Ancaq qüdrətli ordumuzun çevikliyi sayəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, o cümlədən hərbi texnikası sıradan çıxarılır. Bununla da ermənilərin işğal etdikləri ərazilərdəki əsas qüvvə və ehtiyatlarına ciddi zərbə vurulur. Həmçinin, Hərbi Hava Qüvvələrimiz tərəfindən Ermənistanın 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verərək döyüş meydanından qaçmağa məcbur edilir. Səhər saatlarında isə işğalçı ordunun Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən pilotsuz uçuş aparatı məhv edilir.
Təbii ki, müharibənin on beşinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mənbə: oxu.az