Nazirin sözlərinə görə, sentyabrın 23-də Əfqanıstana məxsus dronların Pakistanın hava məkanına daxil olması İslamabad tərəfindən "aqressiya aktı" və "suverenliyin pozulması" kimi qiymətləndirilib.
"Pakistanın hava hücumundan müdafiə sistemləri hədəflərinə çatmazdan əvvəl hava sərhədini pozan bütün aparatları aşkarlayaraq zərərsizləşdirib və bununla da hücum cəhdinin qarşısını tam alıb. Özünümüdafiə ilə bağlı suveren hüququndan istifadə edən Pakistan Əfqanıstan ərazisində bu PUA-ların saxlanıldığı və buraxıldığı 10 obyekti dronlar və hava zərbələri vasitəsilə dəqiqliklə vurub", - deyə Tarar "X" sosial şəbəkəsində qeyd edib.
Nazir Kabil rəhbərliyini Pakistana qarşı düşmənçilik fəaliyyətlərini dərhal dayandırmağa və terrorla mübarizə sahəsindəki beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.
"Əfqanıstan ərazisi Pakistana qarşı düşmənçilik əməliyyatlarının aparılması və ya hücumların həyata keçirilməsi üçün istifadə olunmamalıdır", - deyə o bildirib. Tarar həmçinin əlavə edib ki, İslamabad vəziyyətin gərginləşməsini istəmir, regionda sülh, konstruktiv əməkdaşlıq və dialoq tərəfdarıdır.
Öz növbəsində, Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti (ISPR) ölkənin təhlükəsizlik qüvvələrinin cənub-qərbdəki Bəlucistan əyalətində 19 terrorçunu zərərsizləşdirdiyini açıqlayıb.
Atışma zamanı Pakistan ordusunun bir hərbçisi həlak olub.
Hindistan və Pakistan arasında münasibətlərin gərginləşməsi fonunda İslamabad rəhbərliyi ölkədə fəaliyyət göstərən terror təşkilatlarının böyük əksəriyyətini Hindistanın proksiləri hesab etməyə başlayıb və onlara rəsmi səviyyədə "Fitnə əl-Hindustan" ümumi adını verib.
ISPR-nin məlumatına əsasən, 2025-ci il ərzində Pakistanın təhlükəsizlik qüvvələri 2 597 silahlı şəxsi məhv edib. Həmin dövr ərzində ölkə ərazisində 1 235 nəfərin ölümünə səbəb olan 5 397 terror aktı qeydə alınıb. Terror hücumlarının 70%-dən çoxu şimal-qərbdəki Xayber-Paxtunxva əyalətində, təxminən 29%-i isə cənub-qərbdə yerləşən Bəlucistanda baş verib. Pakistan rəsmilərinin məlumatına görə, terrorçuların düşərgələrinin yerləşdiyi Əfqanıstanla hər iki əyalətin uzun sərhəd xətti mövcuddur.
Mənbə: oxu.az