ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə iyulun 18-də Şərq vaxtı ilə saat 23:30-da İrana qarşı növbəti hava zərbələri mərhələsini başa çatdırıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.
"Ardıcıl səkkizinci gecə həyata keçirilən əməliyyat zamanı CENTCOM qüvvələri İranın sahil müşahidə və hava hücumundan müdafiə obyektlərini, dəniz imkanlarını, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarları uğurla vuraraq ölkənin hərbi potensialının daha da zəiflədilməsinə nail olub.
ABŞ hərbi qüvvələri həmçinin iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə hücum edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrini də hədəfə alıb.
Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbi qulluqçusu xidmət edir. Onlar yüksək döyüş hazırlığı vəziyyətində qalır, diqqətli, qətiyyətli və istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar", - deyə məlumatda bildirilir.
Mənbə: az.trend.az