NATO Kosovadakı təhlükəsizlik vəziyyətinin son illərdə yaxşılaşdığını əsas gətirərək Kosovo Sülh Qüvvələrinin (KFOR) mövcud heyət sayı və yerləşdirilməsində mərhələli optimallaşdırmaya gedəcəyini açıqlayıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, NATO-nun yaydığı yazılı açıqlamada Kosovada təhlükəsizlik vəziyyətinin son illərdə müsbət istiqamətdə dəyişdiyi bildirilib. Bu çərçivədə iki ildən artıq davam edən ehtiyat qüvvələrin rotasiyasının yanvar ayında başa çatdığı xatırladılıb.
Açıqlamada qeyd olunub ki, təhlükəsizlik vəziyyəti ümumilikdə sabit olaraq qalır və NATO gələn bir il ərzində KFOR-un mövcud qüvvə sayı və yerləşdirilməsini mərhələli şəkildə tənzimləyəcək.
Bildirilib ki, KFOR missiyası 1999-cu ildən etibarən dəyişən təhlükəsizlik şəraitinə uyğunlaşmaq məqsədilə mütəmadi olaraq yenidən strukturlaşdırılıb.
Həmçinin vurğulanıb ki, 2023-cü ildə yaşanan gərginliklər və Kosovanın şimalında serblərin çoxluq təşkil etdiyi Zveçan bölgəsində KFOR hərbçilərinə qarşı hücumlardan sonra missiya son on ilin ən böyük gücləndirilməsini almış, bölgəyə təxminən 1000 əlavə hərbçi yerləşdirilmişdi.
NATO bildirib ki, mövcud təhlükəsizlik şəraitinin daha sabit hala gəlməsi ilə KFOR öz missiyasını effektiv şəkildə davam etdirə biləcək. Missiyanın BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi çərçivəsində bütün icmalar üçün təhlükəsiz mühitin qorunması və sərbəst hərəkətin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcəyi qeyd olunub.
NATO Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus G. Qrinkeviç isə alyans və KFOR-un Kosovada təhlükəsizlik və sabitliyə sadiqliyini davam etdirdiyini bildirib.
Gülay
Mənbə: azxeber.com