Son 2 həftədə qeyri-çimərlik ərazilərdə 7 nəfər batıb

Son 2 həftədə qeyri-çimərlik ərazilərdə 7 nəfər batıb

Son 2 həftə ərzində qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır”.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə olunmamasına çağırır.

Mənbə: qafqazinfo.az