Axtarışda olan şəxsi gizlətmək, onun yerini hüquq-mühafizə orqanlarından yayındırmaq və ya törədilmiş ağır cinayət barədə məlumatı gizlətmək qanunla məsuliyyət yarada bilər.
Bəs belə hallarda şəxsi hansı cəza gözləyir? Qanunvericilikdə bununla bağlı konkret müddəalar varmı?
Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasından və ya törədilməsindən xəbərdar olduğu halda bu barədə məlumat verməyən şəxslər Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.
Onun sözlərinə görə, belə şəxslər 1500 manatdan 2500 manatadək cərimə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Hüquqşünas qeyd edib ki, söhbət yalnız cinayət barədə məlumat verməməkdən deyil, eyni zamanda cinayət törətmiş şəxsin gizlədilməsindən gedirsə, bu əməl fərqli hüquqi qiymətləndirilir.
Belə ki, qabaqcadan vəd vermədən ağır cinayəti gizlətmək Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə tənzimlənir. Bu əmələ görə 3000 manatdan 6000 manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Xüsusilə ağır cinayətin qabaqcadan vəd vermədən gizlədilməsi isə daha ağır cəza ilə nəticələnə bilər. Cinayət Məcəlləsinin 307.3-cü maddəsinə əsasən, belə əməli törədən şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.
Ramil Süleymanov, həmçinin qanunvericilikdə yaxın qohumlarla bağlı müəyyən istisnanın olduğunu diqqətə çatdırıb. Belə ki, şəxsin həyat yoldaşı, övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barədə məlumat verməməsi 307.1-ci maddə üzrə cinayət məsuliyyəti yaratmır.
Beləliklə, qanunvericilikdə ağır və xüsusilə ağır cinayətlər barədə məlumat verməməyə, eləcə də bu cinayətləri qabaqcadan vəd etmədən gizlətməyə görə konkret cəza tədbirləri müəyyənləşdirilib. Lakin məsuliyyətin növü və ağırlığı törədilən əməlin hüquqi xarakterindən asılıdır.
Aynurə İsmayıl
KONKRET.az
Mənbə: konkret.az