Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib

Bakı. Trend:

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2019-cu ildə “RX.SƏRDAROĞULLARI HOLDİNQ” MMC-nin direktoru vəzifəsində işləyərkən və eyni zamanda faktiki olaraq baş mühasib vəzifəsini icra edərkən, ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamaqla xeyli miqdarda, ümumilikdə 445.000 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaqla cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 193-1.3.2-ci maddələri) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.

Nazirliyin sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Səfərova Zinyət Məmmədrəsul qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Mənbə: az.trend.az