Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda üç ayrı kənddə baş verən silahlı hücumlar nəticəsində 9 nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, hadisə yerli vaxtla saat 15:10 radələrində 112 Təcili Çağrı Mərkəzinə daxil olan məlumatdan sonra üzə çıxıb. Əraziyə göndərilən jandarma əməkdaşları Ayazini kəndində avtomobilin içərisində 3 nəfərin güllələnərək öldürüldüyünü müəyyən ediblər.
Araşdırmalar zamanı Kıyır kəndində daha 3 nəfərin, Yukarıtandır kəndində isə 2 qadının silahlı hücuma məruz qaldığı məlum olub. Ağır yaralanan qadınlar xəstəxanaya çatdırılsalar da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar nəticəsində hücumlarda pompalı tüfəngdən istifadə edildiyi müəyyənləşdirilib. Ölənlərdən ikisinin qadın müəllim olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin təhlükəsizlik kameralarına düşən görüntüləri də əldə edilib. Kadrlarda onun əlində tüfənglə avtomobildən düşdüyü görünür.
Araşdırma zamanı şübhəlinin qırmızı rəngli yüngül kommersiya avtomobilini ələ keçirərək hadisə yerindən qaçdığı müəyyənləşdirilib.
Şübhəlinin qaçış istiqamətinin Eskişehir vilayəti olduğu müəyyən edildikdən sonra Afyonkarahisar, Eskişehir və Kütahya bölgələrində genişmiqyaslı əməliyyat başlanıb.
Polis və jandarma əməkdaşları Eskişehirin Seyitqazi rayonuna bağlı Taşlık məhəlləsi yaxınlığında şübhəlinin istifadə etdiyi avtomobili palçığa batmış vəziyyətdə aşkar ediblər. Onun avtomobili tərk edərək piyada qaçdığı müəyyənləşdirilib.
Əməliyyat zamanı termal kameralarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından da istifadə olunub. Təhlükəsizlik qüvvələri meşəlik əraziləri, əkin sahələrini və istifadəsiz tikililəri yoxlayıblar.
TRT Haberin son məlumatına əsasən, doqquz nəfərin qətlində şübhəli bilinən şəxs Eskişehirin Seyitqazi rayonunda saxlanılıb.
Afyonkarahisar Valiliyi hadisə ilə bağlı açıqlama yayaraq cinayətlərin bütün istiqamətlər üzrə araşdırıldığını bildirib.
Musavat.com

Mənbə: musavat.com