Rusiyada gənclər arasında “bonesmashing” (sümük əzmə) adlanan və sağlamlıq üçün kəskin təhlükə yaradan yeni sosial media trendi geniş yayılmağa başlayıb.
Daha kəskin yanaq sümükləri, qabarıq çənə xətti və daha sərt kişi görkəmi əldə etmək istəyən 100-dən çox şəxsin bu təhlükəli üsul nəticəsində ağır xəsarətlər aldığı bildirilir.
Əsasən 15–26 yaş aralığındakı gənclər, eləcə də yaşı 45-ə qədər olan kişilər üz cizgilərini dəyişmək ümidi ilə yanaq və çənə sümüklərinə çəkiclə zərbələr endirirlər. Lakin bu cür kor-koranə addımlar artıq fəsadlarını verməyə başlayıb: zərərçəkənlərdən birində güclü qanaxma, digərində isə üzün bir hissəsində tam hissiyyat itkisi qeydə alınıb.
Tibb mütəxəssisləri həyəcan təbili çalaraq bildirirlər ki, bu zərbələr sinir sistemini sıradan çıxara, çənə və yanaq sümüklərində ciddi sınıqlara yol aça bilər. Təkrarlanan zədələr toxumalarda fibrozun — bərpası çətin olan çapıqvari toxumanın oluşmasına gətirib çıxarır ki, bunu da düzəltmək üçün mürəkkəb cərrahi əməliyyatlara ehtiyac yaranır. Həkimlər vurğulayırlar ki, çəkiclə üzə zərbə vurmaq görünüşü yaxşılaşdırmır, əksinə bərpaolunmaz qalıcı zədələrlə nəticələnir.
Nazim Hacıyev
Mənbə: yenisabah.az