Öləndən sonra "iz" qoymaq istədi, 413 min manatı getdi – 70 yaşında fırıldağın qurbanı oldu

Öləndən sonra "iz" qoymaq istədi, 413 min manatı getdi – 70 yaşında fırıldağın qurbanı oldu

Yaponiyada 70 yaşlı təqaüdçü spermasını sataraq böyük məbləğdə pul qazanmaq istəyərkən dələduzların qurbanına çevrilib. Kişi vəd edilən məbləğdən dörd dəfədən çox pul itirib.

Musavat.com xəbər verir ki, Japan Today nəşrinin məlumatına görə, hadisə Yaponiyanın Mie prefekturasının Suzuka şəhərində baş verib.

Sosial şəbəkədə özünü qadın kimi təqdim edən şəxs 70 yaşlı kişiyə sperması müqabilində 9 milyon yen (98 min manat) ödəməyi təklif edib. Təqaüdçü həm əlavə gəlir əldə etmək, həm də ölümündən sonra özündən nəsil qoymaq məqsədilə təklifə razılaşıb.

Bundan sonra prosesə özlərini vəkil kimi təqdim edən dələduzlar qoşulublar. Onlar kişidən məxfilik müqaviləsinin hazırlanması, bank hesablarının blokdan çıxarılması və müxtəlif hüquqi prosedurlar adı altında pul tələb ediblər.

Təqaüdçü dələduzların göstərişi ilə mağazalardan əvvəlcədən ödəniş edilmiş elektron pul kartları almağa başlayıb. O, ümumilikdə 571 belə kart alaraq 38 milyon yen (413 min manat) dələduzlara ötürüb.

Maraqlıdır ki, yaşlı kişinin mağazalardan bu qədər çox kart alması əməkdaşlarda şübhə doğurmayıb.

Kişi yalnız bank hesablarındakı vəsait tükəndikdən və vəd edilən 9 milyon yen (98 min manat) ödənilmədikdən sonra aldadıldığını anlayıb.

Bundan sonra o, həqiqi vəkilə müraciət edib. Vəkil hadisənin dələduzluq olduğunu müəyyənləşdirərək polisə məlumat verib.

Hazırda Mie prefekturasının polisi hadisəni araşdırır.

Musavat.com

Mənbə: musavat.com