Xırdalanda nəqliyyat dəyişikliyi: Yeni layihə tıxacları aradan qaldıracaq?

Xırdalanda nəqliyyat dəyişikliyi: Yeni layihə tıxacları aradan qaldıracaq?

Xırdalanda iki yeni tunelin və əlaqələndirici yolların tikintisi nəqliyyat sıxlığının azaldılması baxımından müsbət addım ola bilər.

Nəqliyyat və avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Bakupost”a bildirib ki, xüsusilə Bakı istiqamətində və M-1, M-4 magistrallarına çıxışlarda nəqliyyat axınının düzgün bölüşdürülməsi sürücülərin yolda itirdiyi vaxtı və yanacaq sərfiyyatını azalda bilər. Lakin nəticə layihələrin bir-biri ilə necə əlaqələndirilməsindən asılı olacaq.
Ekspertin sözlərinə görə, layihələrin effektivliyini qiymətləndirmək üçün pik saatlarda yolda sərf olunan vaxt, orta hərəkət sürəti və tıxacların uzunluğu əsas götürülməlidir.
Eldəniz Cəfərov qeyd edib ki, bununla yanaşı, ictimai nəqliyyat da inkişaf etdirilməlidir. Xırdalandan Bakıya avtobus əlaqələri gücləndirilməli, hərəkət intervalları azaldılmalı və imkan daxilində avtobuslar üçün ayrıca zolaqlar yaradılmalıdır. Mövcud zolaqlar varsa, onların təşkili və genişləndirilməsi istiqamətində də addımlar atılmalıdır.
Ekspert vurğulayıb ki, tıxacların davamlı həlli üçün yalnız yeni yollar tikmək kifayət deyil. Şəxsi avtomobillərdən asılılığı azaltmaq məqsədilə ictimai nəqliyyatın da gücləndirilməsinə ehtiyac var.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az