Lənkəranda ana və 3 yaşlı övladının bıçaqlanmasının TƏFƏRRÜATI

Lənkəranda ana və 3 yaşlı övladının bıçaqlanmasının

Lənkəran şəhərində ana və azyaşlı övladının bıçaqlanmasının bəzi təfərrüatı bəlli olub.

Bizim.Media xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Zərifə Əliyeva küçəsində yerləşən və “Müəllimlər binası” kimi tanınan yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən meydançasında baş verib.

İlkin məlumata görə, 34 yaşlı Allahşükür Ağazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 29 yaşlı Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Bu zaman anasının qucağında olan 3 yaşlı azyaşlı da 3 bıçaq xəsarəti alıb.

Zərərçəkənin atası Nicat Əhmədovun bildirdiyinə görə, qızı həyat yoldaşı ilə bir müddətdir ayrı yaşayırmış. Cütlüyün 3 övladı var; onlardan ikisi ataları ilə, ən kiçik övlad isə anası ilə qalır.

Atasının sözlərinə görə, cütlük ayrı yaşamağa başladıqdan sonra A.Ağazadə bir müddət həyat yoldaşını izləyib. Hadisə günü səhər R.Ağazadə uşağını bağçaya apararkən həyat yoldaşı onun qarşısını kəsərək həm anaya, həm də azyaşlıya bıçaqla xəsarət yetirib.

N.Əhmədov hadisədən telefon zəngi vasitəsilə xəbər tutduğunu bildirib.

O qeyd edib ki, qızı əməliyyat olunduğu üçün vəziyyəti barədə hələlik ətraflı məlumat ala bilməyib. Azyaşlıya isə zəruri tibbi müdaxilə olunub və yaralarına tikiş vurulub. Həkimlərin ilkin qiymətləndirməsinə görə, uşağın vəziyyəti stabildir.

Məlumata görə, R.Ağazadə boşanmaq üçün məhkəməyə müraciət edibmiş. Lakin A.Ağazadənin etirazından sonra məhkəmə tərəflərə barışmaq üçün möhlət veribmiş.

Sabutay, Bizim.Media, Cənub bürosu

Mənbə: bizim.media