Polşada növbəti məktəb faciəsi: Şagird xadiməni öldürdü

Polşada növbəti məktəb faciəsi: Şagird xadiməni öldürdü

Polşanın Mazovetski voyevodalığında yerləşən məktəblərin birində 15 yaşlı yeniyetmə təhsil müəssisəsinin əməkdaşlarına bıçaqla hücum edib. İnsident nəticəsində 37 yaşlı xadimə həyatını itirib, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə TVN24 yerli polisə istinadən məlumat yayıb.

Silahlı hücum Vışkuv şəhərinin yaxınlığındakı Leşçidul-Novinı yaşayış məntəqəsində qeydə alınıb. Hücum edən şəxsin əvvəllər həmin məktəbdə təhsil aldığı bildirilir. Yeniyetmə ilk olaraq məktəbin xadiməsinə hücum edib. Təhsil ocağının direktoru və ona kömək edən qadın müəllim cinayətkarı zərərsizləşdirməyə çalışıblar. Onların hər ikisi yaralansa da, həyatları üçün heç bir təhlükə yoxdur. Ağır yaralanan xadiməyə reanimasiya tədbirləri tətbiq edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hücumu həyata keçirən 15 yaşlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun bu əməli hansı motivlə törətdiyi hələlik məlum deyil.

Qeyd edək ki, bu, son iki gün ərzində Polşada məktəblərdə qeydə alınan ikinci belə bıçaqlı hücum hadisəsidir. Oktyabrın 7-də Polşanın Ostrolenka şəhərində yerləşən 4 nömrəli peşə liseyində 19 yaşlı gənc ətrafdakı insanlara bıçaqla xəsarət yetirmişdi. O zaman doqquz nəfər - beş tələbə, iki pedaqoq və məktəbin yaxınlığındakı parkda gəzən iki vətəndaş yaralanmışdı.

Mənbə: oxu.az