Meksikanın Monterrey şəhərində canlı yayım zamanı xəbər hazırlayan jurnalistlər idarəetmədən çıxan maşının vurması nəticəsində xəsarət alıblar. Hadisə həmin an canlı yayımda görüntülənib.
“Gamavision”un müxbiri Alma de la Rosa Flores və operator Kristo Morales güclü yağışların səbəb olduğu sürüşməni və yolda yaranan vəziyyəti işıqlandırarkən maşın qəfil idarəetmədən çıxaraq onların üzərinə sürüşüb.
Hadisə Morones Prieto küçəsində baş verib. Yük maşınının jurnalistlərə çırpılmasından sonra canlı yayım kəsilib. Studiyadakı aparıcı hadisəni görərək komandaya kömək göstərilməli olduğunu bildirib.
Alma de la Rosa Flores və Kristo Morales hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya aparılıblar. İlkin məlumatlara görə, hər iki jurnalistin vəziyyəti stabildir və xəsarətləri həyati təhlükə yaratmır.
Bununla belə, operator Moralesin daha ağır xəsarət aldığı və ayağının sınıq ola biləcəyi bildirilir.
Yük maşınının sürücüsünün saxlanıldığı və araşdırma üçün səlahiyyətli orqanlara təhvil verildiyi qeyd olunur.
Mənbə: qafqazinfo.az