Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun böyük hissəsinin formalaşdırılmasından sonra əsas məqsəd həmin ərazilərdə dayanıqlı iqtisadi fəaliyyətin yaradılması və özəl investisiyaların artırılmasıdır. Enerji, kənd təsərrüfatı, sənaye, logistika, turizm və rəqəmsal infrastruktur biznes üçün əsas perspektivli sahələr hesab olunur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xüsusilə bərpa olunan enerji və yaşıl texnologiyalar, rəqəmsal infrastruktur, aqrar emal, logistika, turizm və xidmət sektoru özəl investisiyalar üçün böyük imkanlar yaradır.
Onun sözlərinə görə, kənd təsərrüfatında əsas məqsəd yalnız xammal istehsalı deyil, məhsulların regionda emal edilərək daha yüksək əlavə dəyər yaradılması olmalıdır. Bu baxımdan soyuducu anbarlar, logistika mərkəzləri, qablaşdırma və çeşidləmə müəssisələri, ət-süd və meyvə-tərəvəz emalı, eləcə də ixracyönümlü aqroparklar biznes üçün maraqlı layihələr ola bilər.
A.Nəsirli qeyd edib ki, böyük ilkin investisiya tələb edən, lakin uzunmüddətli gəlir gətirmək potensialına malik layihələr dövlət-özəl tərəfdaşlığı üçün daha uyğun hesab olunur. Bərpa olunan enerji stansiyaları, enerji saxlanc sistemləri, su və tullantıların idarə olunması, logistika mərkəzləri, turizm infrastrukturu, mehmanxana və istirahət kompleksləri, rəqəmsal rabitə və data infrastrukturu bu layihələr sırasındadır.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə biznes üçün müxtəlif vergi və gömrük güzəştləri, həmçinin maliyyə dəstəyi mexanizmləri tətbiq olunur. Rəsmi məlumatlara əsasən, rezidentlər 2033-cü ilədək bir sıra vergi və idxal güzəştlərindən yararlana bilir, sahibkarların kreditlərinin 90 faizə qədər hissəsinə dövlət zəmanəti verilməsi mexanizmi də mövcuddur.
O bildirib ki, özəl sektorun genişlənməsi dövlətin yaratdığı infrastrukturun real iqtisadi dövriyyəyə daxil olmasına, yeni müəssisələrin yaranmasına və daimi iş yerlərinin artmasına imkan verə bilər. Xüsusilə emal, turizm, logistika, aqrobiznes və xidmət sahələrində yeni iş yerlərinin yaradılması regionda məskunlaşmanın iqtisadi əsaslarını da gücləndirə bilər.
A.Nəsirli hesab edir ki, əsas məsələ dövlətin bütün iqtisadi fəaliyyəti özü həyata keçirməsi deyil, ilkin infrastruktur və risklərin bir hissəsini öz üzərinə götürərək özəl kapital üçün işlək biznes mühiti yaratmasıdır. Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələr istehsal, xidmət, ixrac və uzunmüddətli məşğulluq yaratdığı halda, Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi artım mərkəzlərinə çevrilə bilər.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az