Rəqabət Məcəlləsi niyə işləmir? – Biri beş dəfə baha satır, o biri nəfəs ala bilmir

Rəqabət Məcəlləsi niyə işləmir? – Biri beş dəfə baha satır, o biri nəfəs ala bilmir

Azərbaycanda Rəqabət Məcəlləsi 8 dekabr 2023-cü ildə Milli Məclis tərəfindən qəbul edilib və 23 yanvar 2024-cü ildə isə ölkə Prezidenti tərəfindən təsdiqlənərək qüvvəyə minib.

Lakin məcəllənin qəbulundan 3 ilə yaxın vaxt keçməsinə rəğmən, hələ də işlək vəziyyətə gətirilməyib.
Bu isə onu deməyə əsas verir ki, məcəllənin işlək olması üçün hansısa digər vacib addımlar da atılmalıdır.
Bu addımlar nə ola bilər?
Maliyyə-bank eksperti Əkrəm Həsənov “Bakupost”a bildirib ki, güclü ictimai nəzarət olana qədər Rəqabət Məcəlləsi işlək olmayacaq:
“Məcəllənin qəbuluna qədər Azərbaycan iqtisadiyyatında inhisarçılıq artıq mütləq əksəriyyət sahələri əhatə edib. Məcəllənin qəbulundan sonra da ölkədə haqsız rəqabət halları mövcud olaraq qalır.
Prosesə ictimai nəzarət yoxdur. Bu kimi məsələlərdə ictimai nəzarətin olması vacibdir. Bu olmayınca ölkədə normal rəqabət mühiti formalaşmayacaq”.
Müsahibimizin sözlərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qeyri-şəffaf fəaliyyəti də prosesdə irəliləyişin olmasına imkan vermir:
“Bir il əvvəl avtomobil yağı gətirib aldığı qiymətdən 5 dəfə baha satan inhisarçı şirkətlə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciətim oldu. Lakin faktlar təqdim etsəm də, həmin şirkətlə bağlı heç bir tədbir görülməyib. Məhz ictimai nəzarətin olmaması bu vəziyyətin yaranmasına rəvac verir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şəffaf deyil. Onlar heç bir iş görmür. Qurum xoşu gəlməyən və qaydanı pozanın birindən yapışır, digərinə isə “gözün üstə qaşın var” demir”.
Rüfət Sultan,
BakuPost

Mənbə: www.bakupost.az