NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı
NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb.
Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsinə əsasən, yaralanan əsgərlər 11-ci Bersalyer alayının üzvləridir və Şimali Atlantika Alyansının "Forward Land Forces" quru qoşunları missiyasına cəlb olunublar.

"Hazırda araşdırılan səbəblərdən manevrlər zamanı İtaliyaya məxsus hərbi maşına quraşdırılmış odlu silahla bağlı insident yaşanıb. Açılan atəş içərisində dörd hərbçinin olduğu digər bir İtaliya hərbi nəqliyyat vasitəsinə tuş gəlib", - deyə idarənin "X" sosial şəbəkəsindəki paylaşımında vurğulanır.

Xəsarət alan şəxslər təlim sahəsindən təxliyə olunaraq Riqa şəhərindəki xəstəxanaya yerləşdiriliblər. İtaliya Müdafiə Nazirliyi faktla əlaqədar müvafiq araşdırmanın başladıldığını bildirib.

Mənbə: oxu.az