Abşeron rayon Masazır kəndində fəaliyyət göstərən “Tripalma” restoranından gecə saatlarında ətrafa yayılan yüksək səs sakinlərin narazılığına səbəb olub.
Yüksək səslə musiqi səsləndirilməsi, meyxana deyişmələri səbəbindən əhali Baku TV-yə müraciət edib.
Bildirilib ki, bəzi hallarda musiqi və meyxana səsi gecə saat 2-yə qədər davam edir.
Televiziya əməkdaşları sözügedən obyektdə çəkiliş apararkən onları meyxanaçı Namiq Məna qarşılayıb. O, saat 23:00-dan sonra musiqi səsinin azaldıldığını deyib.
Sənətçi ətrafdakı yaşayış evlərinə səsin yayılması ilə bağlı iradları da nəzərə alacaqlarını bildirib: “İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.
Namiq Mənanın restoranda hansı formada fəaliyyət göstərməsi qeyd edilməyib. Lakin o da məlumdur ki, meyxanaçı Abşeron rayonunda bir neçə restorana sahibdir.
Xatırladaq ki, bir müddət əvvəl ona məxsus olan və Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında dava olmuş və bir nəfər həbs edilmişdi.
Mənbə: qafqazinfo.az