Sinif otağında elektron siqaret çəkib video yayan şagirdlər 138 saylı yox, 264 nömrəli məktəbin şagirdləri olub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, 264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır.
Bildirilib ki, qeyd olunan şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib.
Şagirdlərin valideynləri də məktəbə dəvət edilib, onlara məktəblə əməkdaşlıq çərçivəsində övladlarının davranışına diqqətin artırılması yönündə müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, həmin şagirdlər ilk dərs günü canlı yayım açıb sinifdə elektron siqaret çəkdikləri barədə video yayıblar.
Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.
Görüntülərdə şagirdlər Bakıdakı 138 saylı məktəbin şagirdləri olduqlarını desələr də, bunun səhv məlumat olduğu məlum olub.
Fəridə
Mənbə: bizim.media