Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Q.Tanrıverdiyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və məhkəmə zalında həbs olunmasını təklif edib.
Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər. Növbəti iclas sentyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, 1952-ci il təvəllüdlü Qədəm Möhbəli qızı Tanrıverdiyeva barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb. Müəyyən olunub ki, Tanrıverdiyeva Binəqədi qəsəbəsində qanunsuz torpaq zəbti və kütləvi oğurluq əməlləri törədib.
İttihama əsasən, o, müxtəlif illərdə iş üzrə əsas zərərçəkmiş şəxsə məxsus torpaq sahələrini zəbt edərək qanunsuz tikintilər - tövlə, hovuz, sanitar qovşağı, köməkçi sahələr inşa edib. Həmçinin o, 2023-cü ildə zərərçəkənin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırıb, evdən ümumi dəyəri 17 min 600 manat təşkil edən çoxlu sayda məişət əşyalarını (soyuducu, televizor, döşək, mebel, xalçalar, qab-qacaq və s.) oğurlayıb. Bundan başqa o, digər zərərçəkənin torpağına qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb yerinə yenisini qoyaraq torpağını mənimsəməkdə də ittiham olunub.
Qədəm Tanrıverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə təqsirləndirilir.
O, 2024-cü ilin iyun ayında istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub və iyul ayında tutularaq saxlanılıb. Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Q.Tanrıverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı əsasında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun oğlu Nadir Tanrıverdiyev də məhkum olunub.
O, 2020-ci ilin aprel ayında prezidentin imzaladığı xüsusi əfv sərəncamına (əsasən yaşı 65-dən yuxarı olan məhkumlar üçün nəzərdə tutulan humanizm aktı) daxil edilərək cəzanın çəkilməmiş hissəsindən azad olunub.
Mənbə: oxu.az