Husilər Yəməndə irəliləyirlər: Niyə heç kim onları durdura bilmir?

Husilər Yəməndə irəliləyirlər: Niyə heç kim onları durdura bilmir?

Husilər Yəməndə öz mövqelərini möhkəmləndirməkdə davam edirlər. Artıq Yəmənin bütün qərb sahili husilərin nəzarətinə keçib.

bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, husilər Yəmənin Qırmızı dəniz sahilində qalan son ərazini də ələ keçiriblər.
Onlar sahildə yerləşən Dubab şəhəri və kiçik Murad yaşayış məntəqəsini, daha sonra isə Bab əl-Məndəb boğazında yerləşən Perim adasını da tutublar. Bununla da sahil xəttinə nəzarət tamamilə husilərin əlinə keçib.
Görəsən, husilərin bu üstünlüyü nə ilə bağlıdır?
Konfliktoloq Azər Hüseynov “Bakupost”a bildirib ki, bu ilk öncə husilərin Yəmənin yerli elementi olması ilə bağlıdır:
“Ərəb dövlətlərinin, o cümlədən Səudiyyə Ərəbistanının silahlı qüvvələrinin döyüş təcrübəsi olduqca zəifdir. Yəni, praktiki olaraq sahədə döyüş təcrübələri yoxdur. Digər tərəfdən BƏƏ-nin dəstəklədiyi qüvvələr ilə daxili rəqabət vardır.
İrana gəldikdə, Tehran öz proksi qüvvələrini məhz bu hal üçün bir qədər kənarda saxlayırdı. Qərb və İsrail analitikləri belə İranın öz qüvvələrinin xeyli hissəsini bərpa etdiyini bildirirlər”.
Müsahibimiz hesab edir ki, husilərə qarşı ancaq ABŞ və digər ciddi qüvvələr işə qarışarsa nə isə ciddi bir iş görmək olar:
“ABŞ isə hal-hazırda onu edə bilmir. Çünki onsuz da Hörmüz böhranına tam həll tapa bilmirlər”.
Ekspertin sözlərinə görə, bölgənin digər qüvvələri, Pakistan və Türkiyə isə husilər məsələsində Səudiyyə Ərəbistanına, eyni zamanda Yəmənin mühacir hökumətinə görə, hərbi münaqişəyə cəlb olunmaq istəmirlər:
“Belə ki, onların da öz maraqları var və bu maraqlar heç də həmişə ABŞ maraqları ilə üst-üstə düşmür”.
Husilərin üstünlüyünün digər səbəbi isə konfliktoloqa görə, anti-husi hərəkatına Yəmən əhalisinin ciddi dəstək verməməsidir: “Belə vəziyyətin yaranmsına səbəb isə koalisiya qüvvələrinin Yəməni bombalaması zamanı yerli əhali arasında ciddi itkilərin olmasıdır”. A. Hüseynov düşünür ki, husi hərakatının irəliləməsi Hörmüz probleminin həlli ilə dayana bilər.
Rüfət Sultan,
BakuPost

Mənbə: www.bakupost.az