Yaponiyada başlayan intiharlara qarşı mübarizə həftəsi münasibətilə çıxış edən baş katib, vəziyyətin olduqca ciddi olduğunu vurğulayıb:
"Ötən il intiharların sayı müşahidələr tarixində minimum həddə düşüb. Buna baxmayaraq, ibtidai, orta və ali məktəb şagirdləri arasında baş verən hadisələrin sayı rekord səviyyəyə yüksəlib".
Yaponiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə ölkədə 19 188 intihar faktı qeydə alınıb. Beləliklə, müvafiq statistikanın aparılmağa başlandığı 1980-ci ildən bəri ilk dəfə olaraq bu rəqəm 20 min həddindən aşağı düşüb. Eyni zamanda, yetkinlik yaşına çatmayanlar arasında intiharların sayı ardıcıl ikinci ildir ki, artaraq 1 082-yə çatıb. 2025-ci ildə ibtidai, orta və yuxarı sinif şagirdlərinin payına 538 intihar düşüb ki, bu da yeni antirekorddur.
Kihara bildirib ki, dövlət orqanları psixi sağlamlıq, sosial müdafiə və məşğulluğa dəstək tədbirlərini birləşdirən məsləhət xidmətləri və kompleks yardım sisteminin genişləndirilməsi istiqamətində işləri davam etdirir. "Uşaqlar və gənclər arasında intiharların profilaktikası çərçivəsində sosial şəbəkələr vasitəsilə məsləhət xidmətlərinin göstərilməsi, eləcə də köməyə ehtiyacı olanların erkən müəyyən edilməsinə yönəlmiş proaktiv dəstək artırılır", - deyə o qeyd edib.
Nazirlər Kabinetinin rəsmisi əlavə edib ki, mübarizə həftəsi çərçivəsində ölkədə bu mövzu ilə bağlı maarifləndirmə tədbirləri fəallaşır. O, həmçinin hökumətin Yaponiyada heç kimin intihara sürüklənməyəcəyi bir cəmiyyət formalaşdırmaq üçün əlindən gələni edəcəyinə söz verib.
Mənbə: oxu.az