Yoluxanların sayı 1000-i keçdi Avropada Qərbi Nil virusu:

Yoluxanların sayı 1000-i keçdi

Avropada Qərbi Nil virusunun ötürülmə mövsümünün əvvəlindən bəri region daxilində 1000-dən çox yoluxma halı qeydə alınıb.

Bu barədə Avropa Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzi (ECDC) məlumat yayıb.

Sentyabrın 3-nə olan məlumata görə, Avropanın 15 ölkəsində ümumilikdə 1086 yoluxma faktı qeydə alınıb ki, bu rəqəm avqustun əvvəlində 240-dan bir qədər çox idi.

Virus ümumilikdə qitənin 144 rayonunda aşkar edilib. Ən çox xəstə sayı İtaliyada (516 nəfər) qeydə alınıb. Növbəti yerləri Yunanıstan (284 hal) və İspaniya (88 hal) tutur. Həmçinin Rumıniya, Şimali Makedoniya, Fransa, Serbiya, Niderland, Xorvatiya və Almaniyada da yoluxma halları var.

Qərbi Nil virusu əsasən vəhşi quşlar arasında ağcaqanad sancmaları vasitəsilə yayılır, lakin yoluxmuş ağcaqanadlar onu insanlara ötürə bilər. Almaniyanın Robert Kox İnstitutuna görə, yoluxanların təxminən 20%-də qripəbənzər simptomlarla qızdırma inkişaf edir və ağır xəstəlik təxminən 100 nəfərdən birində baş verir.


Çox vaxt fəsad vermədən keçsə də, ağır formanı keçirən xəstələrdə uzunmüddətli mənfi təsirlər tez-tez müşahidə olunur.

Bizim.Media

Mənbə: bizim.media