Toyuqlarla idarələrə gedib hökumətin qərarını “trolladılar” - Video

Toyuqlarla idarələrə gedib hökumətin qərarını “trolladılar” - Video

Rusiyada ev və təsərrüfat heyvanlarının məcburi qeydiyyatını nəzərdə tutan yeni qayda qüvvəyə mindikdən sonra maraqlı mənzərə yaranıb. Qərarı lağa qoyan və qaydaları düzgün anlamağa çalışan sakinlər dövlət xidmət mərkəzlərinə canlı toyuqlarla gediblər.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə insanların qucaqlarında toyuqlarla növbəyə dayandığı, nömrə götürdüyü və xidmət pəncərələrinin qarşısında gözlədiyi görünür.

Bəzi sakinlər toyuqları idarələrə aparmazdan əvvəl hətta onları geyindiriblər.

Hadisə Rusiyada bürokratiyanın absurd tərəflərini satirik şəkildə təsvir edən yazıçı Nikolay Qoqolun əsərləri ilə müqayisə olunub.

Sosial şəbəkələrdə yayılan videolardan birində toyuq sahibi istehza ilə soruşur: “Əgər toyuq ölsə, istintaq üçün polisə zəng etməliyikmi? Bəs bu, qəsdən törədilmiş qətldirsə?”

İstifadəçilər toyuqlar üçün ölüm şəhadətnaməsinin tələb olunub-olunmayacağını, eləcə də, hər yeni cücəyə görə dövlət tərəfindən doğum yardımı ödənilib-ödənilməyəcəyini kinayə ilə müzakirə ediblər.

Yeni qaydaya əsasən, 10-dan çox ev quşu, o cümlədən toyuq, ördək, qaz, hinduşka, bildirçin və dəvəquşu saxlayan fermerlər onları qeydiyyatdan keçirməlidirlər.

Qaydalara əməl etməyən fiziki şəxslər 1000 rubla qədər, kommersiya müəssisələri isə 20 min rubla qədər cərimələnə bilər. Şirkətlər üçün fəaliyyətin 60 günədək dayandırılması da nəzərdə tutulur.

Mənbə: qafqazinfo.az