Hindistanda tanınmış müğənni qətlə yetirildi

Hindistanda tanınmış müğənni qətlə yetirildi

Gənclər arasında böyük rəğbət qazanan 35 yaşlı hindistanlı müğənni Ankit Baliyan silahlı hücumun qurbanı olub.

Bu barədə yerli polisə istinadən "News9" portalı xəbər yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, sənətçi Şamli şəhərində (Uttar-Pradeş ştatı) idman zalını tərk edərkən güllələnib. İki motosikletlə ona yaxınlaşan dörd nəfər avtomat silahlardan atəş açıblar.

Əməliyyat tədbirləri nəticəsində polis iki şübhəlinin gizləndiyi yeri dərhal müəyyən edib. Uttar-Pradeş polisinin xüsusi təyinatlı dəstəsi ilə baş verən silahlı toqquşma zamanı onlar məhv edilib. Hadisə zamanı iki asayiş keşikçisi də xəsarət alıb.

Xəbərdə bildirilir ki, Baliyan hind dilinin haryanvi ləhcəsində mahnıların tanınmış müəllifi və ifaçısı idi. Hazırda cinayətin bütün təfərrüatlarının aydınlaşdırılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Mənbə: oxu.az