Avqust ayının 29-da saat 17:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub.
Bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – Bakı aviareysi ilə Azərbaycana gələn Niderland vətəndaşı – 1979-cu il təvəllüdlü Kramer Anne Hestler avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb.
“Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağır yaralı şəxsin təxliyəsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə dərhal əraziyə Dövlət Sərhəd Xidmətinin tibb heyəti və xilasetmə qrupu göndərilmişdir.
Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində, çətin dağlıq relyefdə həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan, köməksiz vəziyyətdə qalan Niderland vətəndaşına DSX-nin tibb heyəti tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmiş və operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub”, - deyə məlumatda qeyd edilib.

Mənbə: qafqazinfo.az