Hədəf Liseyi tədrisdə müasir texnologiyaların tətbiqi istiqamətində yeni layihəyə başlayıb.
Liseydə şagirdlərin dərsləri virtual reallıq mühitində öyrənməsinə imkan verəcək VR (Virtual Reality – virtual reallıq) sinfi qurulur.
Tədrisdə yeni imkanlar
Yeni VR sinfinin əsas məqsədi tədris prosesini daha əyani, interaktiv və təcrübəyönümlü etməkdir. Virtual reallıq texnologiyalarının köməyi ilə şagirdlər müxtəlif fənlər üzrə öyrəndikləri mövzuları yalnız dərslik və digər ənənəvi vasitələrlə deyil, üçölçülü virtual mühitdə müşahidə və tədqiq etmək imkanı əldə edəcəklər.
Müxtəlif fənlər üzrə VR təcrübəsi
VR texnologiyasından tarix, coğrafiya, biologiya, fizika, astronomiya və digər fənlərin tədrisində istifadə edilməsi nəzərdə tutulur. Belə ki, şagirdlər tarix dərslərində qədim şəhər və abidələri virtual şəkildə ziyarət edə, coğrafiyada dünyanın müxtəlif bölgələrini araşdıra, biologiyada insan orqanizminin quruluşunu üçölçülü modellər üzərində öyrənə, astronomiya dərslərində isə Günəş sistemi və kosmik məkanla daha yaxından tanış ola biləcəklər.
Texnologiya pedaqoji vasitəyə çevrilir
Hədəf Liseyinin qurucusu, dosent Şəmil Sadiq bildirib ki, layihənin məqsədi texnologiyanı sadəcə məktəb mühitinə gətirmək deyil, onu tədrisin səmərəliliyini artıran real pedaqoji vasitəyə çevirməkdir.
“Bugünkü uşaqlar tamam fərqli texnoloji mühitdə böyüyürlər. Məktəb də bu dəyişiklikdən kənarda qala bilməz. İstəyirik ki, şagird öyrəndiyini yalnız oxumasın və dinləməsin, eyni zamanda görsün, araşdırsın və mümkün qədər yaşasın. VR texnologiyası bizə sinif otağının fiziki sərhədlərini aşmaq imkanı verir. Biz gələcəyin məktəbini gözləmək yox, onu bu gündən qurmaq istəyirik”.
Layihə çərçivəsində VR avadanlıqlarının tədris proqramlarına uyğunlaşdırılması, müxtəlif fənlər üzrə virtual dərs məzmunlarının seçilməsi və müəllimlərin bu texnologiyadan səmərəli istifadəsi istiqamətində işlərin aparılması planlaşdırılır.
Hədəf Liseyi olaraq inanırıq ki, VR sinfinin tətbiqi şagirdlərin dərsə marağının artmasına, vizual qavrama imkanlarının genişlənməsinə və tədqiqatçılıq bacarıqlarının inkişafına töhfə verəcək.
“Hədəf Liseyi – hədəfi böyük olanların liseyi!”
Mənbə: www.bakupost.az