Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xaliq İmanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İş materiallarına əsasən, hadisə bu il saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən beşmərtəbəli binaların birinin qarşısında baş verib.
Belə ki, Xaliq İmanov keçmiş həyat yoldaşı, zərərçəkmiş Nahidə Bayramova (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qadının sifət nahiyəsinə sağ əli ilə iki dəfə qəsdən zərbə endirib. Nəticədə Nahidə Bayramova xəsarət alıb.
Məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, ona başın sol gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi ilə müşayiət olunan dərialtı hematoma xəsarəti yetirilib.
Məhkəmədə Xaliq İmanov ona elan olunmuş ittihamı qəbul edib və özünü təqsirli bildiyini söyləyib. O, məhkəməyə deyib ki, zərərçəkmiş şəxslə barışıb və aralarında yaranmış mübahisə ilə bağlı məsələni həll ediblər.
Təqsirləndirilən şəxs məhkəmədən Nahidə Bayramova ilə barışmasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.
Nahidə Bayramova da məhkəmə iclasında Xaliq İmanovun dediklərini təsdiqləyib. O bildirib ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.
Mənbə: pravda.az