Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun sakinləri elektrik sayğaclarında aylıq hesablamanın vaxtında aparılmadığını iddia edirlər.
Xezerxeber.az-a istinadən məlumata görə, onlar iddia edirlər ki, hər ay 50-130 manat arasında işıqpulu ödəyirlər. Çünki işıq sayğacının göstəriciləri mərkəzi sistemə vaxtında ötürülmür. Real sərfiyyatın sonradan tam hesablanması səbəbindən limit aşılır və əlavə vəsait ödəməli olurlar.
Sakinlər həmçinin qəsəbədə su və işıq sayğaclarının quraşdırılmasına baxmayaraq, həm susuz, həm də işıqsız qaldıqlarını deyirlər. Bu isə yay aylarında vətəndaşları ciddi çətinliklərlə üz-üzə qoyur.
Vətəndaşlar aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, nəticə əldə edə bilmədiklərini deyirlər.
"Azərişıq” ASC-dən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ərazidə sayğacların oxunması prosesi hər ayın 9-10-u həyata keçirilir. Həmin ünvanda da bu gün həyata keçirilib, yəni gecikmədən söhbət belə gedə bilməz. Bununla bağlı vətəndaşların özləri də məlumatlandırılıb.
Mənbə: azxeber.com