Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? -

Salyan rayonunda 26 yaşlı çobanın qoyun-quzu ilə birlikdə yoxa çıxması ilə bağlı yeni təfərrüat üzə çıxıb.

İitkin düşən şəxsin anası oğlu ilə sonuncu dəfə səhər saatlarında görüntülü danışdığını deyib:

"Onunla saat 10-a qalmış görüntülü danışdıq. Həmişəki kimi zarafatlaşdıq, güldük. Saat 2-yə qalmış telefonuna zəng çatırdı, interneti də açıq idi, amma cavab vermirdi. Adətən axşam saat 7-8 radələrində heyvanları gətirirdi. Zəng etdim, ancaq cavab vermədi.

Sonra heyvanların qarşısına çıxmaq üçün yol kənarı ilə getdim. Sürünün içində bir ulağımız da var. Gördüm ki, ulaqla it tək gəlir, heyvanlar isə yoxdur. Kollektorların kənarında oğlumu çağıraraq axtardım, amma səsimə cavab verən olmadı. Geri qayıdanda həyat yoldaşımla rastlaşdım.


Düşündük ki, bəlkə, kanalda və ya göldə çimərkən başına bir iş gəlib. Amma belə olsaydı, heyvanlar ətrafa dağılardı. Atası səhərə qədər onu axtardı. Oğlumla birlikdə 85 baş heyvan, iki it var idi. Heç kim onun harada olduğunu demədi. Axşam isə xəbər gəldi ki, heyvanlar Bakıya aparılıb və orada satışa çıxarılıb.

Heyvanları maşınla aparan şəxsi tapıb danışdırdıq, oğlumun şəklini göstərdik. O isə gördüyü şəxsin mənim oğlum olmadığını, başqa bir adam olduğunu dedi. Görənlərdən və məlumatı olanlardan bir valideyn kimi xahiş edirəm, balam barədə bizə xəbər versinlər".

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.



Bizim.Media

Mənbə: bizim.media