Sumqayıtda sertifikatsız həkim işlədən klinika cərimələnib. Eyni zamanda həkim haqqında da tədbir görülüb.
“Xezerxeber.az”a istinadla xəbər verilir ki, söhbət şəhər ərazisində yerləşən "Cahangir-2020 Lor Center" Məhdud Məsuliyyətli Cəmiyyətdən gedir.
Məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi MMC-də yoxlama aparıb.
Özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
"Cahangir-2020 Lor Center" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, özəl klinikanın bəlli sayda həkimi var. Nurlan Bəylərov 2021-ci ildə təhsilini bitirib və 2022-ci ildə diplom alıb. Həkimlər də məhz 5 ildən bir sertifkasiyaya cəlb olunmalıdır.
Klinakada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə göndərilib. Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlan həkimə hazırda ehtiyac yoxdur, o 2027-ci ildə sertifikasiyadan keçməlidir. Klinikadan əlavə edilib ki, sadəcə anlaşılmazlıq olub, amma adıçəkilən həkim də baş verənlərə görə işdən uzaqlaşdırılıb.
Mənbə: bizim.media