Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar

Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar

Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Adil Nəbiyev və onun qardaşı Arzu Nəbiyevin (hər ikisinin adl, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, Adil Nəbiyevin apellyasiya şikayəti təmin edilməyib, Arzu Nəbiyevin isə apellyasiya şikayəti təmin olunub. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin hökmü Arzu Nəbiyevə münasibətdə dəyişdirilib. Ona şərti cəza verilib və dərhal həbsdən azad edilib.


İttihama görə, hadisə 2025-ci ildə Xaçmaz rayonunun kəndlərinin birində baş verib.


Belə ki, Adil Nəbiyev bacısı qızı ilə sevgi münasibətlərində olan, 2008-ci il təvəllüdlü yeniyetmə, zərərçəkmiş Samir Qulamovun (adı, soyadı şərtidir) ailələrinə məxsus fərdi yaşayış evinin hasarına çıxan zaman görüb. Bundan sonra o, qardaşı Arzuya zəng edərək evə gəlməsini istəyib.


Sonra qardaşlar birlikdə hərəkət edərək zərərçəkmişi ələ keçiriblər. Onlar kəndirdən silah qismində istifadə edərək yeniyetmənin əllərini bağlayıb, həmin kəndiri Samirin boynundan keçiriblər.


Cinayət işinin materiallarında qeyd olunur ki, bundan sonra Adil və Arzu zərərçəkmişi həyətin sanitar qovşağına aparıblar. Təqsirləndirilən şəxslər onun başını dəfələrlə unitazın içinə salıb çıxarıblar, eyni zamanda bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endiriblər.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş hadisə nəticəsində sağ gözün alt qapağı və sağ kürək nahiyəsində qançırlar, sifətin sol tərəfində, döş qəfəsində, bel nahiyəsində, sağ saiddə və sağ əlin üçüncü barmağında sıyrıqlar alıb. Ekspertiza həmin xəsarətlərin dərəcəsinin müəyyən edilməsinin mümkün olmadığını göstərib.


Araşdırmalar zamanı müəyyən olunub ki, Samir bir saatdan artıq müddətdə sərbəst hərəkət etmək imkanından məhrum edilib. İstintaq orqanının qənaətinə görə, o, iradəsinin əleyhinə olaraq saxlanılıb və hərəkət azadlığı tam məhdudlaşdırılıb.


İttihamda qeyd edilir ki, təqsirləndirilən şəxslər bu əməli qabaqcadan razılaşaraq bir qrup şəxs halında törədiblər. Cinayətin yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi, həmçinin kəndirdən silah qismində istifadə olunması ittihamın ağırlaşdırıcı halları kimi qiymətləndirilib.


Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq Adil və Arzu Samiri adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmələrini sübuta yetirilmiş hesab edib və onlar barəsində qanunvericiliyə uyğun hökm çıxarıb.


Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə qardaşların hər biri 3 il müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə zalından həbs olunmuşdu.

Kamal Məmmədov

Mənbə: pravda.az