Meksikanın məşhur narkobaronu, “El Çapo” ləqəbi ilə tanınan Xoakin Qusman ABŞ həbsxanasından vətəninə qaytarılması üçün Meksika prezidenti Klaudiya Şeynbauma müraciət edib.
Bu barədə “Milenio” nəşri məlumat yayıb.
Məlumata görə, Qusman iyunun 2-də imzaladığı məktubda ABŞ-da saxlanılma şəraitindən şikayətlənib və cəzasını Meksikada çəkməsinə şərait yaradılmasını istəyib. Bildirilir ki, o, daha əvvəl də Meksikaya qaytarılması üçün cəhdlər etsə də, nəticə əldə edə bilməyib.
Xoakin Qusman Meksika tarixinin ən məşhur mütəşəkkil cinayətkarlarından biri hesab olunur. O, uzun illər ABŞ hakimiyyətinin dünyanın ən böyük narkotik qaçaqmalçılığı şəbəkələrindən biri kimi xarakterizə etdiyi “Sinaloa” kartelinə rəhbərlik edib.
Xatırladaq ki, Qusman 2017-ci ildə ABŞ-a ekstradisiya olunub. 2019-cu ildə isə Nyu-York federal məhkəməsi onu narkotik ticarəti, çirkli pulların yuyulması və cinayətkar təşkilata rəhbərlik etmək ittihamları ilə ömürlük həbs cəzasına məhkum edib. Hökmə əsasən, onun vaxtından əvvəl azadlığa buraxılması mümkün deyil.
Narkobaron ekstradisiyadan əvvəl Meksikada iki dəfə həbsdən qaçmağa nail olmuşdu. Həmin qaçışlardan biri ölkə tarixinin ən səs-küylü həbsxana qaçışlarından biri kimi yadda qalıb.
Hazırda Xoakin Qusman ABŞ-ın Kolorado ştatında yerləşən, xüsusilə sərt rejimi və yüksək təcrid şəraiti ilə tanınan ADX Florens həbsxanasında cəza çəkir.
Adəm
Mənbə: publika.az